Hikmət Carçılı
O gün səndən ayrılandan sonra bütün gecə küçələrdə veyil-veyil dolaşmışam. Əzab çəkmişəm sənə dediyim sözləri düşünüb. Onda gözlərimi hirs qapamışdı qarşımdakının kim olduğunu, dediklərimin nələrdən ibarət olduğunu bilmirdim. Sən deyəndə ki, “çıx, get, səni görmək istəmirəm” birdən elə bil başımdan aşağı buz kimi su töküb məni qəflət yuxusundan ayıltdı kimsə və o an ürəyimdən nahaq bu gecə sənin görüşünə gəlmişəm deyə bir hiss keçdi ürəyimdən. Düşündüm ki, bəlkə mən bu gün buraya gəlməsəydim daha yaxşı olardı, ən azından biz əbədilik ayrılmazdıq.
Bəli, əbədilik. Çünki, o sözlərdən sonra daha sənin yanına qayıdacağımı düşünmürsən hər halda. Ancaq həmin axşam başım açılandan sonra düşündüm sənə nə dediklərimi və səninlə nə üstündə bir-birimizlə qan-bıçaq olmağımızın səbəbini. Sənə dediyim sözləri yadıma salsam da (dilimə gətirməyə cəsarətim çatmır o sözləri),mənim o dərəcədə hirslənməyimin səbəbini heç cür ayırd edə bilmədim.
Bu mənə çox əzab verir son günlər, son günlər nəsə çox düşünürəm. Əzizim, bilmirəm sən məni bağışlayacaqmısan, bağışlamağa gücün çatacaqmı ancaq mən özümü bağışlaya bilmirəm. Düşünürəm sən də, elə sən də mənim etdiyimi edəcəksən, bağışlamayacaqsan məni. Düz də etmiş olacaqsan. Sən hər zaman haqlı olaraq qalacaqsan bu məsələdə. Lakin, bir şeyi bilməyini istərəm ki, hər şeyə rəğmən, sənə o əclafcasına dediyim sözlərdən sonra belə səni sevirəm. Bilirəm inanmayacaqsan. Ancaq həyatda ən birinci istədiyim şey budur-sənin mənim sevgi etirafıma, əclaflığımı etiraf etməyimə inanmağın.
Təəssüf ki, bu hadisə oldu. Bilirəm bundan sonra səni görməyəcəyəm, bilirəm mən səni görsəm (bilirəm onsuz özümün də cəsarətim çatmaz, ancaq hər halda danışıram, deyirəm ürəyimdən keçənləri), sənə eşqimin böyüklüyündən danışsam yenə də inanmayacaqsan, düşünəcəksən ki, bu da sənin növbəti əclaflığındır. Təbiidir. Çünki daha adım yalançı çobana çıxıb. Desələr, ölür bircə yanına baş çəkməyinə möhtacdı yenə də inanmayacaqsan. Ancaq sevirəm...Sən inadkarın biri olsan belə...
Mən bu qədər etiraf etdim. Bəli, günhakaram, bu ən pis faktdır mənim üçün, eləcə də sənin üçün. Çünki mənə olan ümidlərin sındı. Ancaq gəl, etiraf et ki, mən nə qədər əclafamsa sən də məndən beş qat, on qat artıq inadkarın birisən. O gün mən içkili halda gəlib sənin evinə çıxanda sən heç nə yoxmuş kimi davrana bilərdin. Yox, sən əksinə etdin ərköyünlüyünə salıb tam tərsini etdin; çığırıb bağırıb məni özümdən çıxardın. Və məni də, özünü də (bəlkə də bu hissi təkcə mən yaşayıram) yazıq etdin...
Mənim nələr çəkdiyimi bilsəydin bəlkə də sən özünü qınayardın, ürəyində qanayardın mənim kimi (ancaq özümü aldadıram, bir inadkarın belə düşünməsini düşünmək absurddur fikrimcə). Ancaq heyif... bunun belə olması xəyaldan başqa bir şey deyildir.
Bu gün nələr çəkdiyimi təkcə köksüm altında gizlənmiş bapbalaca ürəyimdən başqa heç kim bilmir; “O gün gərək belə bir hadisə olmayaydı”-deyə yanıb yaxıldığımı da, daxili sarsıntılar keçirdiyimi də, ağrıdığımı da, ağladığımı da...
Ancaq neyləyim ki, günahların çoxu məndədir.
Və yenidən nə danışsam, nə desəm belə boşdur, onunçün artıq mən heç kiməm.
Çünki, o axşam hər şeyi mən etdim, ayrılığa səbəb oldu mənim sözlərim ən azından...
Ən azından belə bir fakt var: mən əclafın biri, o isə inadkar...
21 aprel 2010